REGİONLAR
Xaçmazda müasir istixana kompleksi yaradılıb VİDEO
Xaçmaz, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Ləcət kəndində müasir istixana kompleksi yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 9 hektar sahədə yaradılan istixana kompleksində məhsuldar pomidor sortları yetişdirilir. Ərazidə işlərə 2016-cı ildən başlanılıb. Artıq 3 hektar ərazidən toplanan ilk məhsulun yerli və xarici bazarlarda satışı həyata keçirilir.
Xaçmazda yetişdirilən pomidor əsasən Rusiyaya ixrac olunur. Yeni qurulan istixana kompleksində becərilən yüksəkkeyfiyyətli məhsulun da 70 faizə qədəri qonşu ölkə bazarlarında satışa çıxarılıb.
Aqronom Adəm Mirzəyev bildirib ki, Xaçmaz rayonunun təbii iqlim şəraiti istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişlidir. Müasir istixana kompleksində eyni ölçüdə və standart görünüşdə olan hibrid pomidor sortu yetişdirilir. Bu sortlar yüksək məhsuldarlığı və keyfiyyəti ilə fərqlənir. Kompleksdə150 nəfər daimi işlə təmin olunub. Burada çalışanlar əsasən yaxın kəndlərin sakinləridir.
Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə daha 6 hektar ərazidə istixananın qurulması yekunlaşacaq. Kompleksdə qazanxana, məhsulların saxlanılması üçün anbarlar və yardımçı ikililər inşa edilib. Əkin aparılan torpaq sahələrinə müvafiq aqrotexniki qulluq göstərilir. Əsasən yerli və xarici istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılıb.
Xaçmaz Rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev qeyd edib ki, son illərdə bu sahəyə maraq daha da artıb. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xaçmaz rayonunda da kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir, sahibkarlığın inkişafı üçün addımlar atılır. 2017-ci ilədək Xaçmazda 12 fiziki və hüquqi şəxsə məxsus, ümumi ərazisi 13,5 hektar olan istixana var idi. Yeni istixana kompleksinin yaradılması ilə rayonda istixanaların ümumi ərazisi 22,5 hektara çatıb.
İstixanalar iqlim şəraitindən asılı olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan verir. Quraşdırılmış avadanlıqlar vasitəsilə istixananın daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl məhsul istehsalı təmin olunur.