REGİONLAR
Xaçmazda müəllim və metodistlər Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına cəlb ediliblər
Xaçmaz, 14 may, Elxan Yusifli, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Xaçmazda Azərbaycan dili, riyaziyyat, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırlıq kurslarında elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun gələn müəllimlər, metodistlər iştirak ediblər.
İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib. Bununla yanaşı, kurslarda yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib, iştirakçılar kalibrləmə prosesində iştirak ediblər. Kursu müvəffəqiyyətlə başa vuran müəllimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na yerləşdirilib. Həmin iştirakçılara DİM-in sertifikatı veriləcək. Sertifikat almış seminar iştirakçıları gələcəkdə müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.