REGİONLAR
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb VİDEO
Xaçmaz, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC
Ötən il Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə dövlət dəstəyindən faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın sonuna kimi daha 16 işsiz və işaxtaran şəxs ailə biznesini qurmaq üçün aktivlərlə təmin olunacaq. Bununla da rayonda proqram çərçivəsində dövlət dəstəyindən faydalanan ailələrin sayı 142-yə çatacaq.
Ceyhun Cümşüdov işaxtaran qismində Xaçmaz Rayon Məşğulluq Mərkəzinə müraciət edən sakinlərdən biridir. Bildirdiyinə görə, kənd təsərrüfatı ilə məşğul olsa da, biznesini genişləndirmək üçün çətinlik çəkib. Bununla əlaqədar özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət edib. Dövlət proqramı çərçivəsində onun ailə şəraiti dəyərləndirilib. C.Cümşüdov 2 aylıq təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona ailə biznesini qurmaq üçün 15 arı ailəsi verilib.
Xaçmaz Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, bu il daha çox vətəndaşın özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilir.