REGİONLAR
Xaçmazda payızlıq əkinlər üçün 23 min hektar sahə şumlanacaq
Xaçmaz, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda payızlıq əkinlər üçün şum prosesi davam edir. Bu günə kimi artıq 8 min hektardan çox sahədə şum başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə payızlıq əkinlər üçün Xaçmaz rayonunda 23 min hektar sahə şumlanacaq.
Xaçmaz Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Qabil Ağabalayev bildirib ki, sahələrdən bol məhsul götürən fermerlər torpağı növbəti əkin mərhələsinə hazırlayırlar. Bunun üçün şum əsas aqrotexniki işlərdən sayılır. Düzgün və vaxtında aparılan torpaq şumlaması məhsuldarlığa müsbət təsir edir. Rayonda şum traktorları sarıdan çətinlik yoxdur.
Payızlıq əkinlər üçün nəzərdə tutulan şum sentyabr ayında başa çatdırılacaq. Həmin torpaq ikinci dəfə şumlandıqdan sonra əkin prosesi həyata keçiriləcək.
Təsərrüfatçı Cəmil Rəşidov bildirib ki, erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şüalarının təsirindən məhv olur. Yay şumunun vaxtında aparılması torpağı müəyyən qədər zənginləşdirir. Buna görə də fermerlər şumun gecikdirilmədən başa çatdırılmasına çalışırlar.