REGİONLAR
Xaçmazda polis əməkdaşları gəncin həyatını xilas ediblər VİDEO
Xaçmaz, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat polis bölməsinin əməkdaşları, polis serjantları Şahin Qocayev və Nurəddin Həmzəyev ciddi təhlükə ilə üzləşən gənci xilas ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 5-də Xaçmaz rayonunun Xudat şəhəri ərazisində avtopatrul xidmətini yerinə yetirən polis əməkdaşları bir nəfər şəxsin anidən yerə yıxıldığını görüblər. Bu hal ətrafdakı insanlar arasında çaşqınlığın yaranmasına səbəb olsa da, polis əməkdaşları özlərini itirməyib, dərhal huşsuz vəziyyətdə olan vətəndaşın köməyinə yetişiblər.
Nəbzin yoxlanılması zamanı gəncin ürək döyüntüsünün kəskin azaldığını görən polis əməkdaşları vaxt itirmədən ona ilk tibbi yardım göstərərək ürək masajı ediblər. Yalnız bundan sonra həmin şəxsin halı yaxşılığa doğru dəyişib. Polis əməkdaşları onu xidməti avtomobillə Xudat Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra həmin şəxsin səhhəti tamamilə normallaşıb. Daha sonra polis əməkdaşları gəncin Xudat şəhər sakini 32 yaşlı Rəhim Qasımov olduğunu müəyyənləşdirərək ailəsinə məlumat veriblər.
“2006-cı ildən epilepsiya xəstəliyindən əziyyət çəkirəm. Xəstə olmağıma baxmayaraq, xoş havalarda şəhəri gəzməkdən həzz alıram. Həmin gün gəzməyə çıxmışdım. Daha sonra baş verənləri xatırlamıram. Gözlərimi açanda isə özümü xəstəxanada gördüm. Yanımda dayanan həkim bildirdi ki, polislər vaxtında özlərini yetirib, lazımi kömək göstərməklə məni həyata qaytarıblar”, - deyə Rəhim Qasımov bildirib.
O, artıq evə buraxılıb və sağlığı yerindədir. Ailəsi Rəhimin həyatını qurtaran polis serjantları Şahin Qocayevə və Nurəddin Həmzəyevə minnətdarlıqlarını bildirirlər.
Polis əməkdaşları da köməyə ehtiyacı olan hər bir şəxsə yardım etməyi özlərinə borc bildiklərini deyiblər.