CƏMİYYƏT
Xaçmazda qayınatasını və qayınanasını odlu silahla qətlə yetirən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də saat 06 radələrində Xaçmaz rayonunun Ləcət kənd sakinləri Sona Yunusovanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada ölmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Xaçmaz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Rəhman Osmanovun arvadının bir neçə gün əvvəl evi tərk edərək valideynlərinin evinə getməsi səbəbindən həmin tarixdə qayınatası Beykəs Yunusov və qayınanası Sona Yunusova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq sonuncuları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
Rəhman Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.