REGİONLAR
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs iş başında yaxalanıb VİDEO
Xaçmaz, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsi “iş başında” saxlayıblar.
Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayon sakini Sərxan Qabulov səhər saatlarında rayon ərazisində yerləşən qızıl mağazasına qanunsuz daxil olub. O, mağazadakı içərisində pul və sənədlər olan seyfi oğurlayaraq hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin S.Qabulovun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxs seyf və oğurluq zamanı istifadə etdiyi maddi sübutlarla birlikdə yaxalanaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı S.Qabulov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.