REGİONLAR
Xaçmazda reyd zamanı avtomobili sərxoş halda idarə edən dörd sürücü cəzalandırılıb VİDEO
Xaçmaz, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 51 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində və Nabranda təşkil olunub.
Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində dörd sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Qayda pozan sürücülərdən beşi isə avtomobili sürücülük hüququ olmadan idarə edib.
Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Elşad Nəbiyev bildirib ki, ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşən yollarda yay aylarında hərəkətin intensivliyi xeyli artır. Bu kimi reydlərin keçirilməsində məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq, onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.