REGİONLAR


Xaçmazda reyd zamanı qayda pozan sürücülər inzibati qaydada cəzalandırılıb VİDEO

Xaçmaz, 18 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 10 yaxın sürücü barəsində inzibati cəza tədbirləri görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xudat şəhəri ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşdiyindən bayram günləri və yay aylarında hərəkətin intensivliyi xeyli artır.

Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində bir sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Qayda pozan sürücülərdən ikisi avtomobili etibarnaməsiz, dördü isə sürücülük hüququ olmadan idarə edib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II tağımının baş inspektoru Telman Mustafayev AZƏRTAC-a bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanır. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.