REGİONLAR
Xaçmazda reyd zamanı unun qiymətində ucuzlaşma müşahidə olunub VİDEO
Xaçmaz, 17 yanvar , Elxan Yusifli, AZƏRTAC
Yanvarın 17-də Xaçmaz şəhərində fəaliyyət göstərən ticarət obyektlərində, pərakəndə satış mağazalarında və bazarda reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd Xaçmaz şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması üçün yaradılmış xüsusi komissiyanın üzvləri tərəfindən təşkil edilib.
Ticarət obyektlərində unun qiyməti ilə maraqlanan komissiya üzvləri 3-4 gün əvvəl ilə müqayisədə ucuzlaşmanın olduğunu müşahidə ediblər. Hazırda Xaçmazdakı pərakəndə satış məntəqələrində 50 kiloqramlıq unun bir kisəsi 23 manata satılır. Komissiya üzvləri alıcılarla söhbət aparıb, süni qiymət artımı ilə rastlaşdıqları təqdirdə dərhal komissiyaya müraciət etmələrini tövsiyə ediblər.
Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov AZƏRTAC-a bildirilib ki, reyd zamanı komissiya üzvləri tərəfindən sahibkarlarla, həmçinin satış üzrə digər məsul şəxslərlə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici izahat işləri aparılıb. Vurğulanıb ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2016-cı il yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad edilib. Nəticədə unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb.
Reyd zamanı sahibkarların nəzərinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, süni qiymət artımı yaradanlara qarşı sərt cəza tədbirləri görüləcək. Hüquq mühafizə orqanlarının iştirakı ilə bu sahəyə tam nəzarət olunur.
Xaçmazda süni qiymət artımına qarşı reydlər mütəmadi davam etdiriləcək.