CƏMİYYƏT
Xaçmazda sahibkarlara qeydiyyata alınmaq qaydaları haqqında məlumat verilib
Bakı, 25 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Xaçmaz rayonunda sahibkarlarla görüş keçirib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlara agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək.
Müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sahibkarları maraqlandıran suallar cavablandırılıb və problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.