REGİONLAR


Xaçmazda sahibsiz itlər üçün yaradılan sığınacaqdan REPORTAJ VİDEO

Yeriyə bilməyən küçə itləri üçün Türkiyədən xüsusi arabalar gətiriləcək

Xaçmaz, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda könüllü qızların təşəbbüsü ilə yaradılan sığınacaqda yeriyə bilməyən küçə itləri üçün Türkiyədən xüsusi arabalar gətiriləcək. Mila və Oslo adlandırılan bu itlərin onurğa sümükləri sındığından sərbəst hərəkət edə bilmirlər. İtlərdən biri güllə, digəri isə avtomobillə vurularaq ciddi xəsarət alıb. İflic olan heyvanlar üçün nəzərdə tutulan arabalar gətirildikdən sonra hər iki it başqalarının köməyi olmadan hərəkət edə biləcək.

Sığınacağın yaradılmasının əsas təşəbbüskarlarından olan Nailə Rüstəmli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hazırda onların himayəsində 100-dən çox it var. Bu itlərin əksəriyyəti sığınacağa ölümcül vəziyyətdə gətirilərək müalicə olunub.

Könüllülər sığınacaqda saxlanılan itlərin yeni sahiblərinə verilməsi üçün də iş aparırlar. Bu vaxta kimi 70-ə yaxın it yeni sahibinə verilib. Sosial şəbəkələrdə şəkilləri görən insanlar müraciət edərək itləri saxlamaq istədiklərini bildirirlər. Könüllülər həmin şəxslərlə maraqlanır, onları araşdırırlar. Bundan sonra itin yeni sahibinə verilib-verilməməsi barədə qərar qəbul olunur.

Sığınacaqda itlərin qayğısına qalmaqda Nailəyə kömək edənlərdən biri də bacısı Hava Rüstəmlidir. “Oktyabrın 4-də bütün dünyada Heyvanların Beynəlxalq Müdafiə Günü qeyd olunur. Fürsətdən istifadə edib, mən bütün insanlara səslənirəm. Onları heyvanlara qayğı ilə yanaşmağa, incitməməyə çağırıram. Bizim sığınacağa yardım edən könüllülər az deyil. Amma bura yaralı, sahibsiz it gətirənlər daha çoxdur. Təəssüf ki, bizim imkanlarımız məhdud olduğundan hamıya yardım edə bilmirik”, - deyə Hava Rüstəmli bildirib.

Könüllülər sığınacağın rəsmi qaydada hansısa dövlət qurumunun və ya qeyri-hökumət təşkilatının himayəsində fəaliyyət göstərməsini istəyirlər.

Buradakı itlərə vaxtlı-vaxtında peyvəndlər vurulur. İtlərin yemlənməsi, müalicəsi və digər xərclər üçün hər ay 2 min manata yaxın vəsait xərclənir. Nailə Rüstəmli bildirir ki, bu vəsaiti onlara heyvansevər insanlar könüllü şəkildə verirlər. Sosial şəbəkələrdə müxtəlif qruplar yaradan könüllülər itlərin saxlanması, dərmanların alınması üçün kömək etmək istəyən insanlarla əlaqə yaradırlar. Həmin insanlar vəsaiti məhz bu iş üçün açılan bank hesabına köçürür və ya nağd şəkildə verirlər. Bəzən isə insanlar özləri itlərin saxlanıldığı sığınacağa gəlir, onlar üçün qida və dərmanlar gətirirlər.

Hazırda sığınacağı genişləndirmək üçün iş aparılır. Könüllülər torpaq sahəsi ayrıldıqdan sonra 1000-ə yaxın itin saxlanılması üçün böyük sığınacaq yaratmaq istəyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.