REGİONLAR


Xaçmazda şəhid Elçin Mövlamovun xatirəsi anılıb

Xaçmaz, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın Əbilyataq kəndində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elçin Mövlamovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə kənd qəbiristanlığında qəhrəman döyüşçünün məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin adını daşıyan Əbilyataq kənd tam orta məktəbində keçirilən anım mərasimində Elçin Mövlamovun Birinci Qarabağ savaşında keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Elçin Minbəşir oğlu Mövlamov 1971-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. 1990-cı illərinin əvvəllərində erməni qəsbkarları torpaqlarımıza hücum edəndə Elçin Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsilini yarımçıq qoyub könüllü olaraq Vətənin müdafiəsinə qalxıb.

İlk könüllü döyüşçülərdən olan 20 yaşlı Elçin Mövlamov 1991-ci il noyabrın 12-də Goranboy rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə çıxış edənlər qəhrəman döyüşçünün göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs ediblər. Şanlı qələbə qazanan ordumuzun düşməndən bütün şəhidlərimizin qisasını aldığını qeyd ediblər.

Xaçmaz rayonunun Əbilyataq kəndi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iki şəhid verib. Elçin Mövlamovla yanaşı, 2016-cı il Aprel döyüşlərində çavuş Elvin Sədrəddin oğlu Qayıbov şəhidlik zirvəsinə ucalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.