REGİONLAR


Xaçmazda şəhid Orxan Çobanovun adına idman klubu yaradılıb

Xaçmaz, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Pirquluoba kəndində Vətən müharibəsi şəhidi Orxan Çobanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ağır atletika idman klubu istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idman klubunda şəhid Orxan Çobanovun müxtəlif idman yarışlarında qazandığı uğurları özündə əks etdirən guşə yaradılıb, zəruri avadanlıq və məşq şəraiti ilə təchiz olunub.

Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhid gizir Orxan Çobanovun məzarını ziyarət edib, gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qəhrəman oğulların döyüş yolundan, Vətən müharibəsində göstərdikləri şücaətlərdən danışıb. Bildirib ki, Xaçmaz rayonunda şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Qeyd olunub ki, yaşayış məntəqələrində belə idman klublarının yaradılması gənc nəslin sağlam ruhda böyüməsinə və idmanın inkişafına təkan verəcək. Pirquluoba kəndində istifadəyə verilən ağır atletika klubuna idmançı şəhidimiz Orxan Çobanovun adının verilməsi isə yerli atletlər üçün xüsusi stimul olacaq.

Şəhid atası Zahid Çobanov qəhrəman oğulların adının əbədiləşdirilməsi istiqamətində Xaçmaz rayonunda görülən işləri müsbət dəyərləndirib, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra rayon rəhbərliyi şəhid ailələri və qazilərlə birlikdə idman klubunda yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.