REGİONLAR


Xaçmazda şəhid Rauf Babayevin xatirəsi anılıb

Xaçmaz, 7 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rauf Fəxrəddin oğlu Babayevin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin 20-ci doğum günü münasibətilə təşkil olunan anım mərasiminin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxuyublar.

Sonra şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri Rauf Babayevin məzarını ziyarət ediblər.

Çıxış edənlər Rauf Babayevin şərəfli ömür və döyüş yolundan, Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən danışıblar.

Bildirilib ki, Rauf Babayev döyüşün ilk günündən həmlə qrupunda düşmənin üzərinə atılan qəhrəman oğullarımızdan biridir. Hərbi xidmətinin başa çatmasına üç ay qalan Rauf Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olundu.

Şəhidin anası Simuzər Babayeva bildirib ki, Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə Rauf Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.