REGİONLAR


Xaçmazda şəhid Rəhim İmamovun xatirəsi anılıb

Xaçmaz, 9 avqust, Elxan Yusifli, AZƏRTAC

Avqustun 9-da Xaçmazda Vətən müharibəsi şəhidi Rəhim İmamovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın Xaspoladoba kənd qəbiristanlığında məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində qazandığı Zəfərdən söhbət açıb. Bildirilib ki, bu qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim bu tarixin əsl qəhrəmanları olaraq yaddaşlarda qalacaqlar.

Rəhim Rauf oğlu İmamov 1990-cı il avqustun 9-da Xaçmaz rayonunun Xaspoladoba kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Rəhim Daxili Qoşunlarda rabitəçi kimi xidmət edib. Atası Rauf İmamov Birinci Qarabağ müharibəsi veteranıdır.

Rəhim İmamov Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Füzulinin Gecəgözlü kəndi uğrunda şiddətli savaşda yaxınlığında mərminin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

R.İmamov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Rəhim İmamov ailəli idi. Onun 6 yaşında Nihad və 2 yaşlı Fatimə adında övladları yadigar qalıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.