REGİONLAR
Xaçmazda şəhid övladları üçün bayram şənliyi təşkil edilib VİDEO
Xaçmaz, 1 iyun may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər parkında təşkil edilən bayram şənliyində şəhid övladları, uşaq bağçalarında tərbiyə alan balaca fidanlar və ibtidai sinif şagirdləri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarının balaca sakinləri bir-birindən maraqlı səhnəciklər təqdim ediblər. Şeirlər və xorla ifa edilən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Bayram tədbirində idmançılar nümunəvi çıxışlar edib, məktəblilərin müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri sərgilənib.
Şəhid anaları uşaqların inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüsləri, görülən işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, Heydər Əliyev Fondu uşaqların problemlərinə diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirir.
Tədbirdə şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, müxtəlif idman yarışlarında və müsabiqələrdə qalib olan uşaqlar fəxri fərmanla mükafatlandırılıblar.
Bayram şənliyi Zəfər parkında gəzinti, maraqlı konsert proqramı ilə davam etdirilib. Bayramla əlaqədar olaraq Zəfər parkında olan bütün attraksionlar gün ərzində ödənişsiz xidmət göstərib.