REGİONLAR
Xaçmazda taxıl sahələrinə azot gübrəsinin verilməsinə başlanılıb VİDEO
Xaçmaz, 7 mart, Elxan Yusifli, AZƏRTAC
Mart ayının ilk günlərində havanın kənd təsərrüfatı işləri üçün əlverişli olması fermerlərin də işinə yarıyıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda taxıl sahələrinə azot gübrəsinin verilməsinə başlanılıb. Bu gübrənin sahəyə vaxtında verilməsi məhsuldarlığa təsir edən əsas amillərdəndir. Bir hektar taxıl sahəsinə orta hesabla 200 kiloqram azot gübrəsi səpilir.
“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə istehsalçılara güzəştli şərtlərlə satılmaq üçün 4 min ton azot gübrəsi gətirilib.
Nümayəndəliyin direktoru Rafiq Tağıyev AZƏRTAC-a bildirib ki, bu ilin ilk 2 ayı ərzində təsərrüfatçılara güzəştli şərtlərlə 379 ton azot, 100 ton amafoz və 20 ton superfosfat gübrəsi satılıb. Gübrənin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən ödənilir. Fermer müvafiq sənədləri təqdim etməklə istənilən vaxt müəssisədən lazım olan gübrəni götürə bilər.
2016-cı ilin məhsulu üçün Xaçmaz rayonunda 32 min 767 hektar sahədə taxıl səpini aparılıb. Səpilən taxılın 23 min 346 hektarını buğda, 9 min 421 hektarını isə arpa təşkil edir.