REGİONLAR
Xaçmazda taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirləri görülür VİDEO
Xaçmaz, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı təsərrüfatçılar yaz yemləmə gübrəsinin ardından taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar. Bunun üçün “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə əlavə 700 litr herbisid gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, herbisidlər torpaq mülkiyyətçilərinə 70 faiz güzəştlə satılır.
Mütəxəssislərinin sözlərinə görə, vaxtında həyata keçirilən mübarizə tədbirlər hər hektarda məhsuldarlığı 20-30 faiz artırmağa imkan verir.
Alaqlara qarşı kimyəvi mübarizə yazda taxıla qulluq işlərinin ən vacib mərhələlərindən biridir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlardan istifadə olunması tövsiyə edilir.
Təsərrüfatçı Əbülfəz Abbasov bildirir ki, yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir: “Daha çox yayılan alaq otlarından biri də yabanı vələmirdir. Ona qarşı da xüsusi herbisid tətbiq olunur. Sarıçiçək və digər alaq otlarının inkişaf etməməsi üçün hər hektara 2,2 litr herbisid su ilə qarışdırılaraq çilənir”.
Mübarizə tədbirləri 10 gün ərzində yekunlaşdırılacaq. Ümumilikdə isə mübarizə tədbirləri taxıl bitkisinin sünbül fazasına çatmasına qədər aparılmalıdır. Bu dövr taxılın əkinindən asılı olaraq mayın sonunadək davam edə bilər.
Cari ilin məhsulu üçün Xaçmazda 25 min hektara yaxın taxıl əkilib. Bunun 19 min 173 hektarını buğda, 5 min 786 hektarını isə arpa təşkil edir.