CƏMİYYƏT
Xaçmazda tikinti işləri zamanı baş verən ölüm hadisəsi ilə bağlı istintaq aparılır
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisindəki “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xaçmaz Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış ilkin araşdırmalarla “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərovun kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxıldığı və aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.