REGİONLAR
Xaçmazda tullantı sutəmizləyici qurğular kompleksi tikilir VİDEO
Xaçmaz, 29 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 70 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinin növbəti mərhələsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin mərhələdə çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metr uzunluğunda, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.
Rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin Şahdağ Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.
Sahə rəisi Çingiz Cəfərov bildirib ki, hazırda qurğunun əsas hissələrindən olan çirkab sularının toplanacağı havalandırma hovuzu tikilir. Layihəyə əsasən qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılacaq. Tullantı sutəmizləyici qurğu kompleksində inzibati bina, kompressor, transformator və digər yardımçı tikililərin yaradılması da nəzərdə tutulur.
Sutəmizləyici qurğular kompleksinin tikintisinin 2022-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Tikinti sahəsi 10 hektar ərazini əhatə edir.
Qeyd edək ki, Quba, Qusar, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi tam başa çatıb. Bu şəhərlərin sakinləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. İstifadə olunmuş suların kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətləri çəkilib.