REGİONLAR
Xaçmazda uşaq bağçası istifadəyə verilib VİDEO
Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 10-da Xaçmaz rayonunun Xudat şəhərində yeni uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə istifadəyə verilən bağça 40 yerlikdir.
Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb.
Açılış mərasimində Azərbaycanda uşaqların qayğı ilə əhatə olunduğu, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması üçün zəruri şəraitin yaradıldığı vurğulanıb. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlər diqqətə çatdırılıb.
Çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədris müəssisəsi ilə tanışlıqdan sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.