REGİONLAR


Xaçmazdakı istixana kompleksində bu il 750 ton çəhrayı pomidor istehsalı nəzərdə tutulur VİDEO

Xaçmaz, 18 fevral, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda yeni yaradılan istixana kompleksində il ərzində 750 ton pomidor istehsalı nəzərdə tutulub. Üç hektar ərazidə qurulan istixana rayonun Ləcət kəndində yerləşir.

İstixana kompleksinin aqronomu Samur Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, istixanada pomidorun yerli “Pink Heart” (Çəhrayı ürək) sortu becərilir. Bu ilin məhsulu üçün ötən ilin noyabr ayında üç hektarda ümumilikdə 75 min şitil əkilib. Hər hektardan 250 ton məhsul yığılması gözlənilir.

“Pomidorun “Pink Heart” sortu məhsuldar olduğu üçün istixanamızda bu sortun əkilməsinə üstünlük vermişik. Sınaq üçün kiçik sahədə “Ahu” adlanan yerli sort pomidor da becəririk. “Pink Heart” sortu adından göründüyü kimi çəhrayı pomidordur. Yerli, həm də xarici bazarda bu sort pomidora böyük tələbat var. Bizim istixanada torpaqdan istifadə olunmur. Şitillər kakabit adlanan, üyüdülmüş kakos ağacı qabığında becərilir. Yaxşı məhsuldarlıq əldə olunması üçün bitkiyə pomidora lazım olan 16 element damcılama sistemi ilə verilir. Düzgün aqrotexniki qulluq olunarsa, xəstəliklərin qarşısı vaxtında alınarsa bol məhsul əldə edilir. İstixanada yetişdirilən pomidorun böyük hissəsi Rusiya bazarına ixrac olunur. Yetişdirdiyimiz çəhrayı pomidora xarici bazarda tələbat daha çoxdur. Dadına görə seçilən bu pomidoru yetişdirmək digər sortlarla müqayisədə çətindir”, - deyə Samur Səfərov bildirib.

İstixana şəraitində becərilən pomidor əkildikdən 80-100 gün sonra yetişməyə başlayır.

“Noyabr ayında əkdiyimiz şitillərdən on gündən sonra ilk məhsulu yığmağa başlayacağıq. Bəzi insanlar düşünürlər ki, istixana şəraitində yetişdirilən pomidorlar orqanizm üçün ziyanlı ola bilər. Amma bu belə deyil. Bizim istixanada pomidora yalnız təbii halda yetişməsi üçün lazım olan elementlər verilir. Bitkilərin tozlandırılmasında arılardan istifadə olunur”, - deyə aqronom Samur Səfərov əlavə edib.

Son illər Xaçmaz rayonunda faraş tərəvəzçiliyə maraq artıb. Fermerlər istixana şəraitində daha çox pomidor və xiyar yetişdirilməsinə üstünlük verirlər.

Xaçmazda ümumilikdə 23 hektar istixana kompleksi mövcuddur ki, bunun da 6 hektarında pomidor yetişdirilir. Açıq sahədə pomidor əkini isə 2500 hektardan çox ərazini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.