REGİONLAR
Xaçmazın Aslanoba kənd tam orta məktəbinin məzunu qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərib VİDEO
Xaçmaz, 12 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı Mirvari Nəsirova xüsusi hazırlıq kurslarına və ya dərsdən əlavə müəllim yanına getmədən ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə qazanaraq bir çoxlarına nümunə göstərib. Aslanoba kənd tam orta məktəbinin məzunu olan Mirvari IV ixtisas qrupu üzrə imtahan verib və 677 bal toplayıb.
AZƏRTAC xəbər verir ki, 17 yaşlı gəncin ən böyük arzusu həkim peşəsinə yiyələnməkdir. Artıq ixtisas seçimini edən Mirvari Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi olmağı hədəfləyib. O, rayon üzrə ən yüksək nəticə göstərməklə həm ailəsini, həm də təhsil aldığı kənd məktəbinin kollektivinə böyük sevinc bəxş edib.
Mirvari Nəsirova AZƏRTAC-a müsahibəsində qəbul imtahanlarının onun üçün çox rahat keçdiyini deyib: “Qarşıya məqsəd qoyduqdan sonra nəticə əldə etmək mümkündür. Sadəcə bu məqsədə çatmaq üçün səbirlə çalışmaq lazımdır. Xüsusi proqram üzrə dərsliklərlə çalışmaqla kimyanı da, biologiyanı da yüksək səviyyədə mənimsədim. Əlbəttə, valideynlərimin, müəllimlərimin tövsiyə və dəstəyi də yüksək bal toplamağımda böyük rol oynadı”.
Qeyd edək ki, Mirvari Nəsirova ilə bərabər Xaçmaz rayonu üzrə daha yeddi nəfər qəbul imtahanlarında 600-dən çox bal toplayıb.