REGİONLAR
Xaçmazın Gəncəli kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib
Xaçmaz, 19 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Gəncəli kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, rayonun Aşağı Ləgər və Çılğır kəndlərində quraşdırılan daha iki yeni modul tipli məktəb binası isə ilk dərs günündən şagird və müəllimlərin ixtiyarındadır.
Gəncəli kəndində məktəbin açılış mərasiminə rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Çimnaz Əmiraslanova çıxışında Gəncəli kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova müəllim və şagirdləri və onların valideynlərini yeni tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər səsləndiriblər.
Açılış mərasimindən sonra məktəb zənginin sədaları altında şagirdlər yeni sinif otaqlarına daxil olublar.