REGİONLAR
Xaçmazın Ləcət kəndində yaşayan uşaqlar ikiqat bayram sevinci yaşayıblar VİDEO
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 1-də Xaçmazın Ləcət kəndində uşaq bağçası əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 30 yerlik bağça Azərbaycan Hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə vəsaiti ilə yenidən qurulub.
Təlim tərbiyə müəssisəsinin açılış mərasimində rayon icra hakimiyyətinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Tədbirdə bildirilib ki, Ləcət kəndində bağça 1955-ci ildə tikilib. İstismar müddəti bitdiyindən əsaslı təmirə ehtiyac yaranmışdı. Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində həyata keçirilən layihə əsasında bağça tamamilə yenidən qurulub. Burada 30-dan çox uşağın isti, təhlükəsiz və sağlam tədris alması üçün hər bir şərait yaradılıb.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın həyat yoldaşı Anna Sekuta çıxışında uşaqları bağçanın açılışı və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.