CƏMİYYƏT
Xaçmazın Niyazoba kəndində hədəf simulyatoru aşkarlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 5-də saat 17:35-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə birlikdə baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qurumun mütəxəssisləri tərəfindən 1 ədəd təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar olunub. Simulyator götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hədəf simulyatorunun tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.