REGİONLAR
Xaçmazın Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası əsaslı təmir olunub VİDEO
Xaçmaz, 6 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası əsaslı təmir olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikimərtəbəli məktəbdə 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.
Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin təmirinə ötən ilin iyul ayından başlanılıb.
İş icraçısı Niyaz Əhmədov bildirib ki, məktəbin ümumi tikinti sahəsi 2114 kvadratmetr təşkil edir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub. Məktəbin həyətində abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib.
Məktəbin köhnə binası 1974-cü ildə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan əsaslı təmirə ehtiyac yaranmışdı.
“47 il əvvəl inşa edilən köhnə binada tədris üçün şərait yaxşı deyildi. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Bundan sonra məktəbimizin uğurları daha çox olacaq”, - deyə məktəbin direktoru Nazim Rzaxanov bildirib.
Məktəb yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcək.