REGİONLAR
Xaçmazın kəndlərində yaşayan 750 vətəndaşa səyyar formada yeni şəxsiyyət vəsiqələri verilib
Xaçmaz, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
2018-ci ilin əvvəlindən keçirilən səyyar xidmətlər nəticəsində Xaçmaz rayonunun müxtəlif kəndlərində sakinlərə, ümumilikdə, 750 yeni şəxsiyyət vəsiqəsi təqdim olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş belə sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər DİN rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında davam etdirilir.
Müxtəlif səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar kəndlərin sakinlərinin müraciəti əsasında, eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Rayonun Qaraçı kəndində 65 vətəndaşın sənədləri qəbul edilib. Cari ilin əvvəlindən keçirilən səyyar xidmətlər nəticəsində Xaçmaz rayonunun 12 kəndində sakinlərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Bu sahədə müvafiq tədbirlər Siyəzən Rayon Polis Şöbələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin əməkdaşları tərəfindən də həyata keçirilir. 2018-ci ilin ilk iki ayı ərzində 64 vətəndaşın sənədləri yenilənib.
Şəxsiyyət vəsiqələrini alanlar arasında azyaşlılar və ilk dəfə belə sənədlə təmin edilənlər də olub.
Bu tədbirlər digər kəndlərdə də davam etdiriləcək.