REGİONLAR
Xaçmazın üç kəndinin su təminatı yaxşılaşdırılıb VİDEO
Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və su təminatı layihələrinin icrası yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra olunan layihələr yerli fermerlərin suvarma, həmçinin sakinlərin texniki su təminatını daha da yaxşılaşdıracaq.
Layihələrin açılış mərasiminə İqtisadiyyat Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, USAID-in, nümayəndələri, bələdiyyə və yerli icma üzvləri iştirak edib.
Bildirilib ki, Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu ərazidəki fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq, məhsuldarlığa müsbət təsir göstərəcək. Bu layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.
Arzu və Sərkərli kəndlərində isə müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə ümumilikdə 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemlərindən 2 min 400 sakin istifadə edəcək.
USAID-in SEDA layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq, həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Bu layihə çərçivəsində 146 icmada 240 minə yaxın insanın faydalana biləcəyi 131 layihə icra olunub.