REGİONLAR
Xaçmazlı fermer: Kənd təsərrüfatında böyük islahatların aparılması ölkəmizdə bolluq yaratmağa istiqamətlənib
“Uğurlu göstəricilər biz təsərrüfatçıları daha həvəslə işləməyə sövq edir”
Xaçmaz, 5 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın torpaqları çox bərəkətli və münbitdir. Burada yerə düşən hər toxum bitir. Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı sahəsində böyük islahatların aparılması, həyata keçirilən məqsədyönlü tədbirlər, subsidiyalar, güzəştlər ölkəmizdə bolluq yaratmağa istiqamətlənib. İndi hamı torpaqla məşğul olmağa, əkib-becərməyə həvəslidir. Bunun əsas səbəblərindən biri də son illər meyvəçilik sahəsinin gəlirli olmasıdır. Əvvəllər kəndli torpaqdan “küsmüşdü”. Məhsulun yetişdirilməsində, satışında problemlərimiz vardı. Amma hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı, gömrük və digər sahələrdə aparılan islahatlar bizi yenidən təsərrüfatımıza bağlayıb. İndi biz yetişdirdiyimiz meyvəni rahat sata bilirik. Xaçmazda yetişdirilən şaftalıya Rusiya bazarlarında ciddi tələbat var.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz rayonunun Çiləgir kəndindən olan fermer Orxan Yusifli söyləyib.
Orxan Yusifli bildirib ki, dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyalar, fermerlərin gübrələrlə, eləcə də müasir texnikalarla təminatına yardım göstərilməsi aqrar sahənin dirçəlməsinə səbəb olub.
“Bizim yarım hektara yaxın şaftalı və yarım hektar da fındıq bağımız var. Ümumiyyətlə kəndimizdə əkilib becərilməyən bir sot da olsun münbit torpaq yoxdur. Hamısında bağ salınıb. Təsərrüfatçılar əkib-becərməyə və bunun hesabına ailə büdcələrini artırmağa maraqlıdırlar. İyulun 31-də Prezident yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı bildirdi ki, müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Kənd təsərrüfatında rekord göstərici əldə edilib. Aqrar sahə bu ilin altı ayında 13 faiz artıb. Xüsusilə bitkiçilikdə 25 faiz artım olub. Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək. Bu uğurlu göstəricilər biz təsərrüfatçıları daha həvəslə işləməyə sövq edir”,-deyə fermer Orxan Yusifli qeyd edib.
Xaçmazda şaftalı yığımı oktyabradək davam edəcək.
Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tonadək şaftalı toplanır.