REGİONLAR
Xaçmazlı gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşüblər VİDEO
Xaçmaz, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Xaçmazda da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinin rəisi Arzu Ələsgərov, rayon rəhbərliyi, müharibə veteranları, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.
Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.
Rayonun incəsənət ustalarının ifasında musiqili proqramla davam edən mərasimdən sonra çağırışçı gənclər hərbi xidmətə yola salınıblar.