REGİONLAR
Xaçmazlı gənclər ölkənin ictimai-siyasi həyatında uğurla təmsil olunurlar VİDEO
Xaçmaz, 29 yanvar , Elxan Yusifli, AZƏRTAC
Xaçmaz əhalisinin 30 faizini gənclər təşkil edir. Bu rayonu təmsil edən gənclər yerli və beynəlxalq idman yarışlarında, fənn olimpiadalarında, ölkənin ictimai-siyasi həyatında uğurla təmsil olunurlar. Ölkəmizin bütün regionlarında, o cümlədən Xaçmazda gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 29-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan gəncliyi: vəzifələr, hüquqlar” mövzusunda keçirilən konfransda danışılıb.
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan tədbirdə muzeyin direktoru Pakizə Mehdiyeva, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və fəal gənclər çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıblar.
Bildirilib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəklərə ucalıb. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb.
Tədbir çərçivəsində Azərbaycan gəncliyindən bəhs edən film nümayiş olunub. İstedadlı gənclər musiqi nömrələri ifa edib, vətənpərvərlik şeirləri səsləndiriblər.
Konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə mükafatlar təqdim olunub.