REGİONLAR
Xaçmazlı məktəblilər Respublika fənn olimpiadalarında iki qızıl medal qazanıblar
Xaçmaz, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Respublika fənn olimpiadalarının və Respublika fənn müsabiqələrinin qalibləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Respublika fənn olimpiadalarının ölkə üzrə əldə olunan 8 qızıl medaldan 2-si xaçmazlı şagirdlərin payına düşüb. Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb liseyin X sinif şagirdi Fərhad Bəkirov coğrafiya, Arzu qəsəbə tam orta məktəbin X sinif şagirdi Amin Şirinov isə Azərbaycan tarixi fənni üzrə qızıl medal qazanıb.
Bununla yanaşı, Respublika fənn müsabiqəsinin final mərhələsində Ə.H.Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin VII sinif şagirdi Fateh Yusifli biologiya fənni üzrə ikinci yerə, akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb liseyin VII sinif şagirdi İlqar Dadaşov isə eyni fənn üzrə üçüncü yerə sahib olub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uğur qazanan şagirdləri və onların müəllimlərini təbrik edərək, uğurlarının davamlı olmasını arzulayıb.
Bildirilib ki, xaçmazlı tələbə gənclərdən ibarət komanda bu il keçirilən “Dəmir yumruq” intellektual bilik yarışmasının zona mərhələsində qalib olublar.
Müəllim və şagirdlər təhsilimizin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda qalib şagird və müəllimlərə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.