REGİONLAR


Xaçmazlı məktəblilər Şuşa abidələri haqqında yeni məlumatlar əldə ediblər

Xaçmaz, 13 aprel, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa İli” çərçivəsində keçirilən tədbirdə məktəblilər Şuşa şəhərindəki abidələr haqqında maarifləndiriliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 Aprel - Beynəlxalq Abidələr Gününə həsr olunan tədbirdə muzeyin direktoru Pakizə Mehdiyeva çıxış edərək, təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin zəngin inkişaf yolu keçdiyini, Azərbaycanın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını bildirib.

Qeyd edib ki, bənzərsiz coğrafi mövqeyi, əsrarəngiz abidələri ilə seçilən bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilib. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb.

P.Mehdiyeva bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.

Daha sonra muzeyin elmi işçisi Xumar Əsədova "Şuşa abidələri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şuşanın yaranma tarixindən, qala və məscidlərin tikilişi, tarixi və strateji əhəmiyyətindən bəhs edilib.

Muzeyin bələdçisi Aygün Qələmiyeva çıxışında Şuşada vaxtilə fəaliyyət göstərən Şuşa Xalça muzeyinin filialı və Şuşa Tarix-Diyarşünaslıq Muzeyi, eyni zamanda, korifey sənətkarların və klassiklərin ev-muzeyləri haqqında məlumat verib.

Tədbirdə "Şuşa abidələri " adlı videoçarx təqdim edilib.

Maarifləndirici tədbirdə Xaçmaz şəhərindəki ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri, muzey filiallarının işçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.