REGİONLAR
Xaçmazlı məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar barədə maarifləndiriliblər
Xaçmaz, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar və ona qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə karantin qaydalarına uyğun təşkil edilən tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov, təhsil şöbəsinin əməkdaşı İmran Musayev, narkoloji həkim Ağakərim Muradxanov, məktəbin direktoru Tünzalə Salahova və başqaları çıxış edərək, ölkəmizdə gənc nəslin sağlam böyüməsinə xüsusi qayğı ilə yanaşıldığını, narkomaniyaya qarşı ardıcıl mübarizə aparıldığını diqqətə çatdırıblar.
Xaçmaz RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Kamran Bayramov çıxışında narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.
Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib.
Bu cür maarifləndirici tədbirlərin rayonun bütün məktəblərində təşkil olunması nəzərdə tutulub.