REGİONLAR


Xaçmazlı məktəblilərə fərqlənmə attestatları təqdim olunub

Xaçmaz, 17 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 17-də Xaçmaz rayon ümumi təhsil məktəblərinin tam orta və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlarına fərqlənmə attestatları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon Təhsil Şöbəsində keçirilən görüşdə fərqlənmə attestatlarına layiq görülən 28 şagirdə müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmaq arzulanıb.

Tədbirdə çıxış edənlər Azərbaycanda təhsilə göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyev təhsilin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin tikintisi və müəllimlərin əməkhaqqının artırılması ilə bağlı sərəncamlar imzalayıb.

Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir.

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 qiymət alan və ən azı 75 bal toplayan məzunlara verilir.

Görüşdə bildirilib ki, Xaçmazda bu il IX sinfi 2095, XI sinfi isə1495 şagird bitirib. Respublika fənn olimpiadalarında da xaçmazlı məktəblilər uğur qazanıblar. Rayonun Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin şagirdi Ceyhun Əsədov dil-ədəbiyyat fənni üzrə qızıl medala layiq görülüb. Arzu qəsəbə tam orta məktəbinin şagirdi Amil Mirişov tarix, Cavid Cəbiyev adına Nərəcan kənd tam orta məktəbinin şagirdi Hürü Məmmədova riyaziyyat, Əlvan Fətəliyev adına Bayoba ümumi orta məktəbin şagirdi Əfsan Xasıyev isə coğrafiya fənni üzrə bürünc medal qazanıblar.

Sonra görüşdə fərqlənmə attestatları alan şagirdlər çıxış edərək nailiyyətlərinə görə müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, daha böyük uğurlar üçün çalışacaqlarına söz veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.