Xaçmazlı müəllim: Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər müasir təhsil ocaqlarında elmin sirlərini öyrənirlər
AzerTAg.az

Xaçmaz, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Hər gün televiziyalarımızda informasiya proqramlarını izləyirik. Elə bir gün yoxdur ki, xəbər buraxılışlarında hansısa regionda təhsillə bağlı xoş xəbər eşitməyək. Yeni məktəblərin istifadəyə verilməsi, şagirdlərimizin yüksək balla ali məktəblərə qəbul olunması hamımızı sevindirir. Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər müasir təhsil ocaqlarında elmin sirlərini öyrənirlər. Bütün bunlar ölkə rəhbərliyinin təhsil sahəsinə diqqət və qayğısı nəticəsində mümkün olub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz rayonu Zahid Abdullayev adına Uzunoba kənd tam orta məktəbinin müəllimi Könül Fərzəliyeva deyib.
İyirmi ilə yaxındır pedaqoq kimi fəaliyyət göstərən Könül Fərzəliyeva qeyd edib ki, Azərbaycan təhsilində inkişafı görmək üçün xüsusi araşdırma aparmağa ehtiyac yoxdur: “İnkişaf özünə təkcə infrastrukturun yenilənməsində göstərmir. Təhsildə keyfiyyət göstəriciləri də yüksəkdir. Bizim uzun illər məktəbimiz köhnə olub. 2012-ci ildən ikimərtəbəli, 480 yerlik yeni məktəb binası şagirdlərimizin ixtiyarına verilib. Məktəbimizin sinif otaqları, fənn kabinələri, laboratoriyası, idman zalı və yeməkxanası müasir səviyyədə qurulub”.
Xaçmazlı müəllim bildirib ki, ölkəmizdə bu il 200-dən çox məktəb binası tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb quraşdırılıb. Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.
Xəbərin mətnində orfoqrafik səhv var