REGİONLAR
Xaçmazlı müəllim fənn kabinetini “tarix muzeyi”nə çevirib VİDEO
Xaçmaz, 2 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı müəllim Sərxan Qəribov çalışdığı məktəbdə fənn kabinetini “tarix muzeyi”nə çevirib.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunun Xudat şəhərində fəaliyyət göstərən 4 nömrəli məktəb-liseyin tarix kabinetində müxtəlif dövrlərə aid 250–dək eksponat qorunur.
Sumqayıt Dövlət Universitetinin məzunu olan Sərxan Qəribov səkkiz ildir şagirdlərə tarix dərsini tədris edir. Arxeologiyaya böyük marağı olan gənc pedaqoq şəxsi təşəbbüsü ilə tarixi əşyaları fənn kabinetinə toplayıb. İlk baxışdan tarix muzeyini xatırladan otaqda Azərbaycanla yanaşı Misir, Hindistan, Çin və başqa ölkələrə aid qədim əşyalar da var.
Burada qorunub saxlanılan tunc, orta əsrlər və ən yeni dövrümüzə aid saxsı qablar, geyim əşyaları, pullardan ibarət kolleksiya şagirdlər tərəfindən maraqla qarşılanır. Bu “muzey” haqqında eşidən valideynlər özlərində olan qədim əşyaları həvəslə məktəb-liseyə təqdim edirlər.
Sərxan Qəribov bildirir ki, tarixi eksponatların əhatəsində dərs keçmək şagirdlərə tarix fənnini daha yaxşı qavramağa, eyni zamanda, müxtəlif dövrlərin mədəniyyət nümunələri ilə yaxından tanış olmağa imkan yaradır.