REGİONLAR


Xaçmazlı mühəndis həyətində 25 növ ekzotik quş bəsləyir VİDEO

Xaçmaz, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev 7 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 100-ə çatıb. Təsərrüfatda tovuzquşu, linda və xalmaqor qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.

Ömər Hacıbalayev əvvəllər quşları yalnız maraq xatirinə saxlasa da, indi bu məşğuliyyətdən gəlir əldə etməyə də başlayıb.

Satdığı quşlar arasında ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır.

Təsərrüfatçı ekzotik quşların bəslənilməsinin çətin olduğunu bildirir. Quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.

Ö.Hacıbalayevin saxladığı quşlar arasında ən qiymətlisi və diqqətçəkəni tovuzquşlarıdır. Bu quşların qiyməti 500 manatdan bahadır. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir.

Xaçmaz sakini həyətində ekzotik quşların saxlandığı zoopark yaratmaq arzusundadır. Yaxın günlərdə təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.