REGİONLAR
Xaçmazlı təsərrüfat sahibləri lizinq yolu ilə daha 155 baş cins mal-qara alıblar VİDEO
Xaçmaz, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
İribuynuzlu heyvanların cins tərkibini yaxşılaşdırmaq, bu sahənin inkişafına nail olmaq məqsədilə xaçmazlı təsərrüfat sahibləri daha 155 baş cins mal-qara alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni alınan cins heyvanlardan yüksək məhsuldarlıq əldə etmək üçün rayonun Çarxı kəndindəki heyvandarlıq təsərrüfatında müasir tələblərə cavab verən ferma inşa olunub. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xaricdən gətirilən damazlıq heyvanlar yerli fermerlərə lizinq yolu ilə verilir.
Təsərrüfatçı Balabəy Məmmədov bildirib ki, təsərrüfata gətirilən inəklər “Simmental” cinsinə məxsusdur. Bu cins həm çox süd verir, həm də ət istehsalı üçün nəzərdə tutulub. Mal-qara təsərrüfata gətirildikdən sonra bir ay ərzində karantində saxlanılacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nəzarəti altında olan heyvanlarda brusellyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.
Yeni gətirilən heyvanlardan sonra təsərrüfatdakı mal-qaranın sayı 1300 başa çatdırılıb.
Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Ağabəy Məmmədov bildirib ki, heyvanların satışı zamanı yerli fermerlərin təcrübəsi, heyvanların saxlanılma şəraiti əsas götürülür. “Rayona gətirilən cins mal-qaranın 90 faizi yerli şəraitə uyğunlaşıb. Bu vaxta kimi rayondakı təsərrüfatçılar lizinq yolu ilə 2 min başa yaxın cins heyvan alıblar ki, sonradan təbii çoxalma hesabına bu heyvanların sayı iki dəfədən çox artıb. Cins inəklərin qidalanmasına ciddi fikir verilməli, heyvanlar eynitipli yemlərlə qidalandırılmamalıdır. Əsasən qarışıq və şirəli yemlərlə təmin olunmalıdır”, - deyə Ağabəy Məmmədov bildirib.
“Aqrolizinq” ASC tərəfindən 2018-ci ilədək 30 minə yaxın yüksək məhsuldar cins damazlıq heyvan ölkəmizə idxal olunaraq yerli heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə satılıb.