REGİONLAR


Xaçmazlı təsərrüfatçılar fındıq bağlarından daha çox gəlir əldə edəcəklər VİDEO

Xaçmaz, 6 avqust, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazlı təsərrüfatçılar bu il fındıq bağlarından daha çox gəlir əldə edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.

Fındıq bağlarında kütləvi məhsul yığımına avqust ayının 15-dən sonra başlanılır. Yığım bir ay davam edir.

Rayonun Bayoba kəndində 100 hektardan çox fındıq bağı mövcuddur. Fermer Qəhrəman Qurbanovun 1 hektar ərazidə fındıq bağı var. Təsərrüfatçı bildirir ki, fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Fermerlərin sözlərinə görə, tam formalaşmış hər bir fındıq ağacından 10 kiloqram məhsul yığılır.

Təsərrüfatçı Tahir Səfərəliyev isə deyir ki, məhsuldarlığın yüksək olmasında bağlara düzgün aqrotexniki qulluqla yanaşı, təbii amillərin də böyük rolu var. Bu il kənddəki bağların suvarılmasında çətinlik olmadığından ağaclara kifayət qədər su verilib.

Fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki fındıq bağlarından 6 min 627 ton məhsul əldə ediblər.

Rayonda 9 min 715 hektar fındıq bağı var ki, bunun da 4 min 764 hektarı barverəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.