REGİONLAR


Xaçmazlı təsərrüfatçılar gilas bağlarından yüksək gəlir əldə ediblər

Xaçmaz, 9 iyul , Elxan Yusifli, AZƏRTAC

İyul ayının 20-dək Xaçmazın gilas bağlarında məhsul yığımı başa çatacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il məhsuldarlıq ötən illərə nisbətən 35-40 faiz çox olub. Bununla yanaşı məhsul yığımı dövründə havaların münasib keçməsi sahibkarlara gilası itkisiz toplaması üçün şərait yaradıb.

Xaçmazlı təsərrüfatçı Elşən Qədirov bildirir ki, məhsul bol olduğundan daha çox gəlir əldə ediblər: “Bu il ağaclarda əvvəlkindən daha çox gilas yetişib. Bu səbəbdən meyvənin ölçüsü nisbətən balacadır. Amma bununla belə müştəri sarıdan korluq çəkmədik. Bir həftəyə yığım başa çatacaq. Hər il iyun ayında yağış yağırdı. Məhsulun bir hissəsi bu səbəbdən zay olurdu. Bu il isə yağıntı olmadı. Gilasın hamısını vaxtında satışa çıxara bildik”,- deyə E.Qədirov bildirib.

Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayırlar.

Gilasın qiyməti növündən və keyfiyyətindən asılı olaraq dəyişir. Təsərrüfatçılar gilasın bir kiloqramını yerində 1,5-3 manata satırlar.

Hazırda Rusiyaya göndərilmək üçün toplanan ağ və ala gilas 1,5-2 manata satılır. Gilasın ən bahalı növü isə “Napoleon”dur. Görünüşü və dadı ilə seçilən bu gilas təsərrfatçılardan 3 manata alınır.

Sahibkar Elşən Yusifli bildirir ki, gilas təsərrüfatçılardan alındıqdan sonra bir neçə gün rayon ərazisindəki soyuducu anbarlarda saxlanılır. Burada yuyulub, müəyyən temperatura kimi soyudulduqdan sonra yük maşınları ilə Rusiya Federasiyasının müxtəlif bölgələrindəki bazarlara yola salınır.

Xaçmazlı sahibkarlar gilas bağlarında məhsul yığımına may ayının son günlərindən etibarən başlayıblar. İyun və iyul ayı isə gilas yığımının ən qızğın çağıdır. Son illər Xaçmaz rayonunda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.

Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.