REGİONLAR
Xaçmazlı təsərrüfatçılar pomidor sahələrində bol məhsul yetişdirib VİDEO
Xaçmaz, 19 iyul, Elxan Yusifli, AZƏRTAC
Bu il Xaçmazın pomidor sahələrində məhsul boldur. Təsərrüfat sahibləri bunun səbəbini suvarmada yaşanan problemlərin həlli və sahələrə vaxtında edilən aqrotexniki qulluqda görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, may ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanıb. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.
Təsərrüfatçı Vəli Məmmədov məhsul yığımının ilk günlərində qiymətlərin onları qane etdiyini bildirir. Hazırda 30 kiloqramlıq 1 yeşik pomidorun satış qiyməti 11-12 manatdır.
Əsasən yerli bazarlara satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi. Fermerlər bildirir ki, pomidorun xaricə satılması ölkəmizə valyuta gətirməklə yanaşı, fermerlərin daha çox gəlir əldə etməsinə şərait yaradar.
Ötən il Xaçmazın pomidor sahələrindən 51 min 66 ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2 min 56 hektar sahədə pomidor əkiblər.