MƏDƏNİYYƏT
Xalça Muzeyində Qalabəyovlar soyuna həsr olunmuş mühazirə dinləniləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində Qarabağın məşhur Qalabəyovlar soyuna həsr olunmuş mühazirə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə mövzu ilə bağlı Qalabəyovlar nəslindən olan Urxun Qalabəyli və filologiya üzrə fəlsəfə doktoru professor Ədalət Tahirzadə çıxış edəcəklər. Tədbirdə, həmçinin Qalabəyovlar soyuna aid tarixi materiallar əsasında hazırlanmış videoçarx nümayiş olunacaq.
Mühazirə bitdikdən sonra muzeyin ekspozisiyanın II mərtəbəsində “Qarabağ xalçaları” mövzusunda tematik ekskursiya keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi illərdir ki, xalqımızın milli-mədəni irsi olan əsrarəngiz Qarabağ xalçalarını təbliğ etməklə yanaşı, erməni vandalizminə məruz qalmış ərazilərimizin etnoqrafiyasını, tarixi abidələrini, məşhur şəxsiyyətlərini də geniş miqyasda tanıtmağa çalışır.
Muzeyin Şuşa filialının yeni başladığı “Şuşanın tanınmış soyları” layihəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihə “Şuşa İli” çərçivəsində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin tanınmış soyları, nəsilləri, onların tarixdəki rolu barədə faktların, maraqlı, dolğun məlumatların cəmiyyətə çatdırılması məqsədilə reallaşdırılır.