MƏDƏNİYYƏT
Xalça Muzeyində dahi lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Azərbaycan Xalça Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru, ICOM-un (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova dahi lider Heydər Əliyevin bütün ömrünü Azərbaycan xalqına həsr etdiyini diqqətə çatdırıb. Ölkəmizdə xalçaçılıq sənətinin dirçəlməsi, Azərbaycan mədəniyyətinin intibahı məhz onun diqqət və qayğısı sayəsində mümkün olub. Ş.Məlikova deyib ki, ulu öndər Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. O qeyd edib ki, xalqımızın Ümummilli Liderinin müdrik siyasəti sayəsində Azərbaycan dünyanın ən çox inkişaf etmiş və qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra üzərində dahi lider Heydər Əliyevin rəsmi olan xalçanın təqdimatı olub. Portretin müəllifi Xalq rəssamı Kamil Əliyevdir.
Tədbir konsert proqramı ilə davam edib.