MƏDƏNİYYƏT


Xalça Muzeyində növbəti mühazirə Şuşa xalçalarına həsr olunub

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Şuşa xalçaları” mövzusunda mühazirə dinlənilib.

AZƏRTAC xəbər verir ki, mühazirədə gənc xalçaçılar, tələbələr və xalça həvəskarları iştirak ediblər.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın təqdim etdiyi mühazirədə Şuşa xalçalarının tarixi, bədii xüsusiyyətləri və toxunma texnologiyaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. Bu xalçalar öz mükəmməl toxunuşu, iri ölçüləri, rəngarəng çalarları ilə həmişə seçilib. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux (qırmızı, sarı), parlaq və kontrast rənglərdən ibarətdir.

Alim qeyd edib ki, Qarabağ tipinə Şuşa, Qarabağ və Cəbrayıl xalça qrupları aiddir. Şuşa qrupuna aid "Malıbəyli", "Ləmpə", "Bağçada güllər", "Bulud", "Saxsıda güllər" və "Nəlbəki gül" xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə seçilir.

Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə olaraq, üç-beş hissədən ibarət dəst xalı-gəbələri misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, "Ləmpə", "Qoca", "Balıq", "Buynuz", "Açma-yumma", "Bulud" kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.

Daha sonra muzeydəki xalçalara baxış keçirilib.

Qeyd edək ki, tanınmış xalça ustası Lətif Kərimovun tələbəsi və davamçısı olan Kübra xanım 50 ildən artıqdır həyatını bu sahəyə həsr edib. O, “Azərbaycan xovsuz xalçaları”, “Xalı və xalçaçılıq terminləri lüğəti” və digər kitabların müəllifi və həmmüəllifidir. Beynəlxalq elmi simpozium və konqreslərdə Azərbaycan incəsənəti ilə əlaqədar məruzələrlə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.