MƏDƏNİYYƏT


Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açılacaq.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən Xalidə Nəsirovanın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunacaq. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdiriləcək.

Bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı sənətkarlardan olan Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsasən mücərrəd üslubda işləyən Xalidə xanımın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.

“Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında müəllifin özünəməxsus bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovanın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.

Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.

Sərgi sentyabrın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.