MƏDƏNİYYƏT


Xalça Muzeyində sərgi - “Göyün yeddinci qatı”

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” fərdi yubiley sərgisinin açılışı olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin yaradıcılığının əsas istiqamətini təşkil edən zərif ipək üzərində rəsmləri – batika sənəti nümunələri, eyni zamanda rəngkarlıq əsərləri və instalyasiyası yer alır. Ekspozisiyada öz fərdi üslubu ilə seçilən rəssamın sirli dünyasını, doğma yurdu Azərbaycana xüsusi bağlılığını əks etdirən 14 əsəri nümayiş etdirilir.

İnna Kostinanın böyük sevgi və yaradıcılıq fədakarlığı ilə ərsəyə gətirdiyi əsərlərdən ibarət sərgi həm də inklüziv xarakter daşıyır. Burada həmçinin onun görmə qabiliyyəti məhdud insanlar üçün yaratdığı kiçik ölçülü rəsmlər – taktil batika nümunələri sərgilənir və bu eksponatların yanında brayl şrifti ilə onlarla bağlı mətnlər yerləşdirilib. Muzey tərəfindən sərgidə nümayiş olunan əsərlərdən ibarət kataloq da çap olunub.

Layihənin kuratoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.

Sərgi aprelin 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.