MƏDƏNİYYƏT


“Xalça diyarına səyahət” festivalı başa çatıb

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı başa çatıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış etmək olub. Bu istəyimizə nail olmaq üçün gördüyümüz işlər artıq öz bəhrəsini verir”.

Ş.Məlikova muzeyin uşaqların sevimli məkanına çevrilməsindən, uşaq şöbəsinə üz tutan balaca dostların ilbəil artmasından məmnunluğunu ifadə edib. Tədbirin Yeni il ərəfəsində keçirilməsinin uşaqların sevincini daha da artırdığını deyib.

Üç yüz nəfərdən artıq uşağın qatıldığı festivalın açılış mərasimində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, Üzeyir Hacıbəylinin ev-muzeyinin nəzdində “Nur” uşaq xor studiyasının kollektivi, “Çiçəyim” uşaq teatrının üzvləri, “Azəri inciləri” rəqs kollektivi çıxış edib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan bu ifalardan sonra muzeyin uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə əl işlərindən ibarət sərgi açılıb.

Tədbirdə Misirin ölkəmizdəki səfirliyinin əməkdaşı Kəmalə İsgəndərova uşaqlara əsrarəngiz Misir nağılları oxuyub. Balaca dostlar ustad dərslərə qatılıb, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Onlar üçün əyləncəli viktorina, maraqlı kvest oyunu keçirilib, “Məlikməmmədin nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” kukla tamaşaları və “Xalçaların bəhsi” tamaşası göstərilib.

Festival çərçivəsində uşaqlar üçün yazılmış “Azərbaycanın sehrli abidələri” kitabının müəllifi, memar Elçin Əliyevlə, “Çimərlikdə” uşaq kitabının müəllifi Lalə Məlik və nəşrin illüstrasiyalarının müəllifi İrina Eldarova ilə görüş imkanı qazanan tədbir iştirakçıları kitab və digər hədiyyələr əldə ediblər. Onlar Gürcüstan Milli Qeştalt İnstitutunun mütəxəssisi Zaira Nadiraşvilinin art-terapiya, “Nur” uşaq xor studiyasının bədii rəhbəri, xor dirijoru Mələk Vəlizadənin musiqi terapiyası təlimlərinə də qatılıblar və bu görüşlərdən böyük zövq aldıqlarını bildiriblər.

Bunlarla yanaşı, festivalın ikinci günü iştirakçılar möhtəşəm karnaval həyəcanı yaşayıb. Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışı, karnavala qatılanlar arasından ən yaxşı geyim - “Miss&Mister” nominasiyası üzrə qaliblərin seçilməsi, onlara hədiyyələrin təqdim olunması uşaqların sevincinə səbəb olub.

Festivalda, həmçinin xeyriyyə satış-yarmarkası təşkil olunub. Satış-yarmarkasından əldə olunan gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.